İspaniya Krallığının Barselona şəhərində “Azərbaycan Evi”nin açılışı olub.

İspaniya Krallığının Barselona şəhərində “Azərbaycan Evi”nin açılışı olub.

“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin (Azerbaijani Society in Barcelona – ASB) təşəbbüsü ilə Barselona şəhərində “Azərbaycan Evi”nin (Casa Azerbaiyán) açılış mərasimi olub.

12 fevral 2017-ci il tarixində baş tutan açılış mərasiminə Kataloniyada yaşayan azərbaycanlı ailələr, təhsil alan tələbələr və digər qonaqlar qatılıb.

“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri Kərim Kərimov İspaniyada ilk dəfə “Azərbaycan Evi”nin fəaliyyətə başlamasının mühüm hadisə olduğunu qeyd edib. O, “Azərbaycan Evi”nin fəaliyyətinin Barselonada və ümumilikdə Kataloniyada yaşayan azərbaycanlıları bir araya gətirmək, onları əlaqələndirmək, milli dəyərlərimizin və tarixi reallıqlarımızın təbliğatı istiqamətində böyük töhfə verəcəyini, Barselona şəhərinin multikultural simasında özünəməxsus yer tutacağını vurğulayıb.

Digər qonaqların da çıxışları dinlənildikdən sonra tədbir iştirakçıları şirniyyat, içki masasına dəvət olunub.

Sonda onu da qeyd edək ki, bu gün həmçinin öz fəaliyyətinin 2 illiyini qeyd edən “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nə sözügedən “Azərbaycan Evi”nin yerləşdiyi inzibati sahə Barselona Vəkillər Kollegiyasının üzvü, Medina&associats hüquq firmasının rəhbəri Xavier Medina Ortiz tərəfindən təmənnasız təqdim edilib.

#ASB #ASBBarcelona #AzerbaijaniHouse #CasaAzerbaiyán