Barselona Azərbaycan Evi

“Casa Azerbaiyán” (Barselona Azərbaycan Evi)

“Casa Azerbaiyán” (Barselona Azərbaycan Evi) –  “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin (ASB) təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2020-ci ilin avqust ayından İspaniyanın Barselona şəhərində rəsmi fəaliyyətə başlamışdır. Mərkəzin əsas fəaliyyət məqsədi İspaniyada yaşayan azərbaycanlılarla yerli icma arasında mədəni fəaliyyətləri və dostluğu təşviq etməkdir.

“Casa Azerbaiyán” müxtəlif tədbirlər, o cümlədən mühazirələr, görüşlər, rəsm sərgiləri, konsertlər, intellektual oyunlar, təlimlər, kino gecələri, milli rəqs dərsləri, açıq kitabxana, Azərbaycan həftəsonu məktəbi təşkil edir. Mərkəz Barselonanın gündəlik sosial həyatına töhfə vermək məqsədilə digər mədəniyyət qurumları və təşkilatlarla əməkdaşlığı dəstəkləyir və təşviq edir.

Casa Azerbaiyán’da hər ay keçirilən layihələrimiz:

İntellektual yarışlar

Hər ay baş tutan intellektual yarışlarda müxtəlif ölkələrdən olan Barselona sakinləri iştirak edirlər. Bu yarışları keçirməkdə əsas məqsədimiz intellektual Barselona sakinlərini bir araya gətirmək və eyni zamanda ölkəmizin mədəniyyətini və tarixi həqiqətlərini bu intellektual yarışlar fonunda ən yaxşı şəkildə təbliğ etməkdir.

Həftəsonu Azərbaycan məktəbi

Layihənin əsas məqsədi İspaniyada yaşayan az yaşlı həmyerlilərimizin öz ana dillərində rahat ünsiyyət qura bilmələri üçün Azərbaycan dili, tarixi, mədəniyyəti və ədəbiyyatı fənnlərini tədris etməkdir.

Həftəsonu Rəqs məktəbi

Milli rəqslərimizin təbliği və öyrədilməsi məqsədilə başladılan bu layihəmizdə milli rəqslərimizi öyrənməkdə marağı olan İspaniyada yaşayan həmyerlilərimiz və ölkəmizin xarici dostları iştirak edirlər. Milli rəqs dərslərimiz Cənubi Azərbaycandan olan həmyerlimiz, peşəkar rəqqas və rəqs müəllimi Dariush Gazhani tərəfindən keçirilir.

Kino saatı

Layihə çərçivəsində hər ay Azərbaycan Evində milli və ya beynəlxalq kinolar nümayiş etdirilir.

Açıq kitabxana

Azərbaycan Evində yaradılan kiçik kitabxana guşəmizdə ölkəmizin mədəniyyəti, tarixi, ədəbiyyatına aid müxtəlif kitablar yer almaqdadır. Üzvlərimiz bu kitabları oxumaq üçün müvəqqəti olaraq götürə bilir və ya həftəsonları əvvəlcədən təyin etdiyimiz vaxt üzrə Azərbaycan Evinə gəlib asudə vaxtlarını kitab oxuyaraq ən yaxşı şəkildə dəyərləndirirlər.

Görüşlər

Üzvlərimizi maraqlandıran və ya İspaniyaya yeni köçən həmyerlilərimizin yerli cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq məqsədilə müxtəlif tipli təlim və ya məlumat xarakterli görüşlər keçirilir.

Sərgilər və konsertlər

Azərbaycanın və İspaniyanın önəmli tarixi və mədəni günlərinin qeyd edilməsi məqsədilə il ərzində müxtəlif sərgi və konsertlərimiz baş tutur.

BİZƏ QOŞULUN

Casa Azerbaiyán tərəfindən həyata keçirilən tədbirlər və ümumi fəaliyyətimiz haqqında mütəmadi olaraq məlumatlandırılağınızı istəyirsinizsə Üzvlük Forumunu doldurmalısınız. Üzvlük ödənişsizdir.