ERMƏNİ MƏSƏLƏSİ
Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin bəzi məsələlərini nəzərə almağı zəruri edir. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Məhz buna görə də beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər. “Erməni məsələsi” adlandırılan məsələnin meydana gəlməsini də təsadüfi hesab etmək olmaz. Bu məsələni Ermənistan-Azərbaycan münaqişəsi baxımından yenidən nəzərdən keçirilməsinə ehtiyac vardır. Çünki “Qarabağ məsəsinə” erməni məsələsinin bir hissəsi kimi baxılmalıdır. “Erməni məsələsi” isə Şərq məsələsinin bir hissəsidir. XIX əsrin axırları – XX əsrin əvvəllərində bu məsələyə bir çox əsərlər həsr olunub. Tarixçi V. Qurko-Kryajinin 1926-cı ildə nəşr edilmiş Böyük Sovet Ensiklopediyasında dərc olunan məqaləsi də bu əsərlər sırasına aiddir. O, məqalənin sonunda ümidvar olduğunu bildirərək yazırdı: “…erməni mühacirləri arasında ən vicdanlıları özlərinin əvvəlki istiqamətlərini dəyişir və keçmişdən əl çəkərək, təqsirlərini boyunlarına alıb Vətənə qayıdırlar. Sovet çevrilişindən sonra Daşnaksutyun tam ölümə məhkumdur”. Lakin tarixçi aldanmışdı…
Buna görə də əvvəlcə həmin məqaləni təqdim edirik. Sonrakı mərhələlərdə” erməni məsələsinə” aid materialların ümumiləşdirilməsi, yeni fakt və tarixi sənədlər əsasında təhlili nəzərdə tutulur.
Erməni məsələsi – Şərq məsələsi adlandırılan məsələnin bir hissəsidir və ona iki nöqteyi-nəzərdən baxılmalıdır. Zahiri mahiyyət: böyük dövlətlər Türkiyəni daha asanlıqla istismar etməkdən ötrü onun mərkəzdənqaçma qüvvələrini gücləndirməyə, beləliklə, ölkəni zəiflətməyə çalışırdılar. Daxili mahiyyət: öz burjuaziyasının rəhbərliyi altında ermənilər milli müqəddəratın müstəqil təyin edilməsi uğrunda, elə siyasi-iqtisadi amillər əldə olunması uğrunda mübarizə aparırdılar ki, bu amillərin təsiri altında burjuaziya sərbəst inkişaf edə bilsin.
Erməni məsələsinin zəmini hələ XVIII əsrdə, Konstantinopolun maliyyə aristokratiyası erməni millətinə rəhbərlik etməyə başlayanda yaranmışdı.
Kiçik Asiya Türkiyəsinin hər yerinə səpələnmiş erməni xalqı öz arasından çox erkən ticarət burjuaziyası yetişdirmişdi. Həmin burjuaziya Türkiyənin iqtisadi həyatında böyük rol oynayırdı – hökumətə, əyalət valilərinə borc pul verərək mülkiyyət sahibi olurdu və s.
Eyni zamanda o, ruhanilər vasitəsilə erməni xalqının bütün həyatına rəhbərlik edirdi. Ruhanilər isə çox böyük təsir gücünə malik idilər. Konstantinopolu fəth edəndən (1453) sonra türklərin göstərişi ilə yaradılmış teokraktik erməni icmasının başında duran Konstantinopol patriarxı dövründə Notabllar şurası (maliyyə aristokratiyasının nümayəndələrindən ibarət) vardı, erməni xalqının “rəhbəri” əslində bu şura idi.
Türkiyədə erməni burjuaziyasının inkişafında onun əsasən Suriyada və Livanda, eləcə də Amerikada yaşayan erməni tacirləri ilə əlaqəsi və xarici kapitalın axını da məlum rol oynamışdı. Qeyd edilməlidir ki, erməni sənətkarlarının (əsnafların) bir sıra silklərə bölünən hədsiz dərəcədə çoxsaylı sinfi də Türkiyənin kustar sənayesində yunanlarla birlikdə üstün rol oynayırdı.
Buna görə də tamamilə aydındır ki, Qərb kapitalizmi Yaxın Şərqə hücuma keçdikcə Qərb dövlətləri məhz erməni burjuaziyasında özlərinə dayaq nöqtələri axtarmağa can atırdılar. Axı, həmin burjuaziyanın əsarət altında, siyasi cəhətdən tabelik vəziyyətində olması onun iqtisadi fəaliyyətinin inkişafını hədsiz dərəcədə məhdudlaşdırırdı – bu səbəbdən də o, Türkiyənin natural təsərrüfatının və daxili qapalılığının dağıdılmasına yönəldilən hər cür təşəbbüsləri müdafiə edirdi. Qərb kapitalı Türkiyənin hakim sinfi ilə çox sıx bağlı olan iri erməni maliyyə burjuaziyasından yan keçərək öz məqsədləri üçün əvvəlcə ruhanilərdən (erməni-katolik və erməni-protestant qurumdan) istifadə etməyə cəhd göstərirdi; bu cəhdlər gözlənilən nəticəni verməyəndə Qərbin ticarət kapitalı orta ticarət burjuaziyasından özünün iqtisadi vasitəçisi kimi istifadə etmək qərarına gəldi: onun köməyi bu burjuaziyanın güclənməsinə səbəb oldu və milli hərəkatın inkişafına təkan verdi.
Ziyalılar, xüsusilə Moskvadakı və Tiflisdəki ziyalılar hərəkata tərəfdar çıxdılar. 70-ci illərdə “erməni liberalizmi”nin mərkəzlərinə çevrilmiş (Rusiya liberal hərəkatının bilavasitə təsiri altında) bu şəhərlərdə nəinki ruslar, eləcə də Türkiyə erməniləri arasında mətbuat vasitəsilə və şifahi yolla “milli özünüdərkin oyanması” və hətta döyüşkən millətçilik təbliğatı aparılırdı.
Orta erməni burjuyaziyasının özünütəsdiqə doğru ilk addımları, təbiidir ki, ruhanilərin hökmranlığının məhdudlaşdırılmasına doğru yönəldildi: o, şəhər sənətkarlarına arxalanaraq kilsəni, əsas etibarilə Konstantinopol patriarxatını dünyəviləşdirmək uğrunda mübarizəyə başladı. Bu mübarizə müvəfəqqiyyətlə nəticələndi: patriarxatlıqda və kilsə mərkəzlərində yaradılmış “erməni nümayəndəliyi” adlı təşkilatda ruhanilər və maliyyə burjuaziyası ilə yanaşı, orta burjuaziya da yer aldı. Maliyyə, ədliyyə və maarif işlərinə həmin nümayəndəlik baxırdı.
Əvvəllər kəndli kütlələri bu milli hərəkatdan kənarda qalırdı…
Genişlənən antoqonizmin ikinci səbəbi ondan ibarət idi ki, ermənilərin şəhər burjuaziyası müsəlman əhalinin geridə qalan kütlələrinə münasibətdə Türkiyə şəraitində yırtıcı, əsas etibarilə sələmçi xarakter daşıyan kapitalın nümayəndəsi kimi çıxış edirdi.
Beləliklə, sırf iqtisadi zəmində kəskinləşən Erməni məsələsi “böyük dövlətlərin” – Rusiyanın və İngiltərənin faciəli müdaxiləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara dənizi, Bosforu və Dardaneli zəbt etmək səyi “xristianları müsəlman Türkiyəsinin zülmündən xilas etmək uğrunda mübarizə” şüraları ilə pərdələnirdi; milli-siyasi müqəddəratı müstəqil təyin etmək məqsədi ilə bu şüarlardan istifadə edəcəyinə ümid bəsləyən erməni burjuaziyasının əksəriyyəti nəinki özü Rusiya istiqamətini götürdü, üstəlik, Türkiyə Ermənistanı erməniləri arasında həmin istiqamətdə təşviqat aparmağa başladı. Bu mövqe Türkiyə hökumətinin erməni burjuaziyasına münasibətini kəskin şəkildə dəyişdi, halbuki 1877-ci il müharibəsinədək hökumət erməni burjuaziyasını nəinki təqib eləmirdi, əksinə, hətta adlı-sanlı ermənilərin böyük dövlət vəzifələri tutmalarına şərait yaradırdı. Türkiyə ilə sülh şərtlərinin müzakirəsi zamanı Rusiya ermənilərinin Qafqaz canişini böyük knyaz Mixail Nikolayeviçə məktub göndərməsi və patriarx Nerses başda olmaqla Türkiyə ermənilərinin rəsmi müraciət etməsi – onların Rusiyadan kömək istəməsi bu münasibətləri daha da kəskinləşdirdi. Rusiya həmin müraciətdən istifadə edərək San-Stefaniya ilkin sülh müqaviləsinə 16-cı paraqraf saldı. Bu paraqrafa görə Türkiyə erməni vilayətlərində dərhal lazımi islahatlar keçirməli idi, həmin iş görülənədək rus qoşunları Asiya Türkiyəsində işğal etdikləri torpaqları öz əllərində saxlamaqda davam edirdilər.
Çar Rusiyasının “özlərini onun himayədarlığına vermiş ermənilərin yaşadığı dağlıq ərazilərə möhkəm qədəm basmaq” cəhdi Yaxın Şərqdəki əsas rəqibi – İngiltərə tərəfindən qətiyyətlə dəf edildi. Berlin Konqresində İngiltərə göstərilən 16-cı paraqrafın yeni maddə (Berlin Traktatının 61-ci maddəsi) ilə əvəz edilməsinə nail oldu. Bu maddə Türkiyə hökumətinin erməni əyalətlərində lazımi islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi, lakin həmin islahatların keçirilməsi üzərində nəzarəti təklikdə Rusiyaya yox, Berlin Konqresinin iştirakçısı olan altı böyük dövlətdən ibarət “birliyə” verirdi.
Berlin Konqresinin qərarları erməni burjuaziyasının rəhbər dairələrində milli erməni dövlətinin yaradılması uğrunda mübarizədə kömək göstəriləcəyinə ümid doğurdu – həm də təkcə Rusiya tərəfindən deyil, bütün böyük dövlətlər tərəfindən. Bu xam xəyal ermənilərə “dənizdən dənizədək” (Qara dənizdən Aralıq dənizinədək) “Böyük Ermənistan” boyun olmuş İngiltərə diplomatiyası tərəfindən möhkəm qızışdırılırdı. Lakin istiqamətin dəyişməsi ermənilərin ancaq tam təcrid edilməsi ilə nəticələndi – onların beynəlxalq vəziyyəti mənasında. Onlar Rusiyadan özləri imtina etmişdilər. İngiltərəyə həmin mərhələdə yalnız o lazım idi ki, Rusiyaya özünün Yaxın Şərq siyasətində ermənilərdən istifadə etməyə imkan verməsin. İngiltərənin Türkiyədəki öz siyasətində isə bu zaman ermənilər lazım deyildi: həmin siyasətin növbəti vəzifələrini Türkiyə ilə gizli müqavilə həll etmişdi. Müqaviləyə əsasən İngiltərə Türkiyəni Rusiyadan qorumaq öhdəliyi müqabilində Kipr adasını aldı…
Böyük dövlətlərdən kömək almaq üçün ümidini itirən… erməni burjuaziyası… silahlı mübarizəyə keçdi. Rusiya Zaqafqaziyasında məskən salan millətçi Qnçak və Daşnaksütyun partiyaları yaradıldı və onlar Türkiyəyə təbliğatçılar və təşviqatçılar göndərdilər, üsyançı dəstələri təşkil etdilər. Bu dəstələrin çıxışlarından məqsəd real döyüş qələbələri deyildi (Türkiyə hökuməti ilə mübarizədə qalib gəlmək üçün ermənilərin qüvvəsi açıq-aydın çatışmırdı), daha çox böyük dövlətlərin diqqətini Ermənistan hadisələrinə cəlb etməyə çalışırdılar ki, onlar müdaxiləyə və Berlin traktatının 61-ci maddəsində göstərilən öhdəlikləri yerinə yetirməyə cəlb olunsunlar – Türkiyə də, Qərbi Avropa dövlətləri də həmin maddəni eyni dərəcədə unutmuşdular. Göstərilən partiyaların xaricdəki komitələri Qərbi Avropada bu istiqamətdə güclü iş aparırdılar. 1890-cı illərin axırlarına yaxın Qnçaq meydandan çıxdı və ermənilərin yeganə rəhbər siyasi təşkilatı Daşnaksutyun oldu.
Təbiidir ki, üsyan mübarizəsi yerlərdə vəziyyəti daha da kəskinləşdirdi… Misiri işğal edəndən sonra ingilislərin Nil vadisinin işğalını leqallaşdırmaq haqqında Sultan Əbdülhəmidlə müqavilə bağlamaq niyyəti boşa çıxan İngiltərə erməniləri “yadına saldı” və onlardan Sultanı hədələmək üçün istifadə etməyə cəhd göstərdi….
İngiltərənin ermənilərə “ani” marağı sönüb getmişdi; üstəlik o, rus hökumətinin “hər hansı bir dövlət tərəfindən müstəqil çıxışa yol verməyəcəyini” bildirən Rusiya ilə bağlı idi. Rusiyaya gəlincə isə o, həmin dövrdə Zaqafqaziyada ruslaşdırma siyasəti yeridirdi və “Asiyada ermənilərin müstəsna üstünlüklərə malik olacağı ərazi yaradılması” ideyasının əleyhinə çıxış edirdi. Bundan başqa Bolqarıstan barəsində niyyəti baş tutmamışdı – Bolqarıstan çar Rusiyasının köməyi sayəsində azad edilsə də onun vassalı olmaq istəmirdi. Bunu görən çar diplomatiyası knyaz Lobanov-Rostovskinin dili ilə bildirdi ki, o “digər Bolqarıstan” yaradılmasına yol verməyəcək. Bağdad yoluna konsessiya almaqla məşğul olan Almaniya isə… Əbdülhəmidin “cinayətkar rəiyyət” barəsində yeritdiyi siyasəti bəyəndiyini imperator II Vilhelmin dili ilə açıq bildirirdi.
1890-cı illərdə erməni millətçi burjuaziyasının təbəqələşməsi rəhbər Daşnaksütyun partiyasını siyasəti dəyişdirməyə məcbur etdi – partiya Ümumtürkiyə inqilabi hərəkatında dayaq axtarmağa başladı: gənc türklərlə saziş bağladı; 1907-ci ildə daşnakların təşəbbüsü ilə Osmanlı imperiyasının bütün müxalifətçi partiyalarının Parisdə qurultayı keçirildi. Qurultayda dövlət çevrilişi planı işlənib hazırlandı.
Çevriliş 1908-ci ildə həyata keçirildi, lakin daşnakların gözlədikləri nəticəni vermədi: yeni rejimdə ermənilərin vəziyyəti qətiyyən yaxşılaşmadı. Həm də gənc türklər hökuməti təqsirkarları yüngülcə cəzalandırmaqla kifayətləndi. Bununla əlaqədar olaraq erməni siyasi dairələri yenə də istiqaməti dəyişdilər və özlərini ilkin dayaq bazasına – Rusiyaya üz tutdular. Bu dəfə çar hökuməti məmnuniyyətlə onlara meyl göstərdi. Dünya müharibəsi yaxınlaşırdı; Milyukovun ifadəsincə, “Rusiya ilə Türkiyə arasındakı yol ayrıcında məskən salmış” ermənilər böyük siyasi əhəmiyyət kəsb etdilər. 1913-cü ildə rus diplomatları mütəşəkkil erməni burjuaziyası ilə saziş bağladılar və “məzlum ermənilərin müdafiəsi” uğrunda açıq çıxış edərək şərq vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürdülər. Almaniyanın müdafiə etdiyi Türkiyə hökuməti inadlı müqavimətdən sonra 1914-cü ildə (26/1) islahatlar haqqında saziş imzalamağa məcbur oldu. Həmin sazişə görə ermənilər dövlətlərin, birinci növbədə Rusiyanın nəzarəti altında idarəetmə, dil, hərbi mükəlləfiyyət və i. a. sahələrdə çox geniş muxtariyyət almalı idilər.
Rusiyanın bu müdaxiləsi saziş imzalanandan azacıq sonra başlanmış dünya müharibəsi zamanı ermənilərin vəziyyətini xeyli ağırlaşdırdı, həm də müharibə başlanan kimi daşnaksutyunlar “Böyük Ermənistan” şüarını yenidən ortaya atdılar, üstəlik əsas etibarilə Türkiyənin fərari ermənilərindən ibarət könüllü dəstələr yaratmağa başladılar…
1917-ci il fevral inqilabı erməni məsələsinin tarixində yeni dövr açdı. Bir il ərzində Zaqafqaziya Rusiya ilə əlaqə saxlamaqda davam edirdi və Petroqraddan direktiv almış Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən idarə olunurdu…
1917-ci ilin oktyabrında daşnaqların rəhbərliyi altında erməni milli konqresi toplaşdı. Konqres Ermənistanla Rusiyanın digər hissəsinin əlaqəsini təsdiq etdi və Türkiyə Ermənistanının dünya müharibəsi zamanı rus qoşunları tərəfindən işğal olunmuş ərazilərinin Rusiyada saxlanılması tələbini irəli sürdü. Konqresdə Tiflisdə yerləşən erməni “milli mərkəzi” və 15 üzvdən ibarət Milli şura seçildi…
Mərkəzi dövlətlərin darmadağın edilməsi erməni burjuaziyası qarşısında yeni və geniş imkanlar açdı: müharibədən sonra yaranmış şəraitdə ermənilər qaliblərə təkcə Türkiyə əleyhinə (Kilikiyada) deyil, həm də Sovet Rusiyası əleyhinə (Zaqafqaziyada) dayaq kimi çox “lazım idilər”. Erməni məsələsi yeni, əvvəlkindən daha böyük əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar olaraq “qalib dövlətlər” hər şeydən əvvəl ən təhlükəli saydıqları “Sovet” istiqamətində özlərinin müvafiq “erməni bazası”nı yaratmaqdan ötrü tədbirlər gördülər.
Daşnakların Ermənistan respublikası müttəfiqlərdən Kars vilayətini, İrəvan quberniyasını geri aldı ki, bu da Ermənistanın ərazisinin 17.500 ingilis kvadratmilinə, əhalisinin 1.510.000 nəfərə (795.000 nəfər erməni, 575.000 nəfər müsəlman, 140.000 nəfər digər millət) çatmasına imkan verdi. Daşnaklar bununla kifayətlənməyərək, Gürcüstanın tərkibindəki Axalkalaki və Borçalı ərazilərinə və Azərbaycanın tərkibindəki Qarabağa, Naxçıvan diyarına, böyük Yelizavetpol quberniyasının cənub hissəsinə yiyələnmək iddiasında olduqlarını bildirdilər. Həmin əraziləri zorla ilhaq etmək cəhdləri (ingilislərin Zaqafqaziyanın işğal etdikləri dövrdə) Gürcüstanla müharibəyə (dekabr 1918) və Azərbaycanla uzun, qanlı mübarizəyə səbəb oldu. Nəticədə mübahisəli rayonların əhalisi 10-30 % azaldı və bir sıra yaşayış məntəqələri sözün əsl mənasında ermənilər tərəfindən yerlə-yeksan edildi…
İngiltərənin Yaxın Şərqdəki vəziyyətini möhkəmləndirən tədbirlər – 1919-cu ildə İranla müqavilə bağlaması və Konstantinopolu işğal etməsi (16/ III-1920) onun Erməni məsələsinə marağını tam-kamal soyutdu: 1919-cu ilin axırlarında İngilislər Zaqafqaziyanı tərk etdilər və San-Remodakı konfransda (aprel-may-1920) Ermənistanın taleyi məsələsi… lazım olmadığı üçün Qərbi Avropa imperialistlərinə – Şimali Amerika imperialistlərinə verildi…
Beləliklə iki “erməni bazası”ndan biri ləğv edildi. Erməni məsələsi Zaqafqaziyada cəmləşdi. “Böyük Ermənistan”la bağlı bütün ümidlərinin açıq aydın puça çıxmasına baxmayaraq, daşnaklar burada davakar millətçilik siyasəti yeritməkdə davam edirdilər. Sovet sərhədi Ermənistanın şimalı boyu müəyyən ediləndən sonra onların vəziyyəti xeyli ağırlaşdı: daşnakların terrorçu rejimindən, saysız-hesabsız talan və müharibələrdən təngə gələn, daim aclıq və dilənçilik şəraitində yaşayan Ermənistanın xalq kütlələri kor-təbi surətdə Sovet hakimiyyətinə can atırdılar. Bakıda Sovet hakimiyyəti qurulandan cəmi üç gün sonra Ermənistanın bir sıra məntəqələrində üsyanlar qalxdı (Aleksandropolda hətta bir neçə saatlığa Sovet hakimiyyəti elan edildi). Üsyanlar daşnaklar tərəfindən vəhşicəsinə yatırıldı. Digər tərəfdən, Sovet Rusiyası ilə Ankara arasında 1920-ci ildə başlanmış dostluq münasibətləri daşnak Ermənistanı ilə toqquşdurdu, çünki daşnak Ermənistanı adları çəkilən dövlətlərin birləşdikləri yolda düşmən qüvvə kimi dururdu.
Buna görə də daşnaklar Ankara hökumətinin başının Qərbdəki yunan-ingilis cəbhəsində mübarizəyə qarışmasından istifadə edib Türkiyə tərəfdən özlərinin təhlükəsizliyini təmin etməyi qərara aldılar, çünki Sovet Rusiyası təcavüzkar əməliyyatlara qətiyyən cəhd göstərmirdi. İrəvan hökuməti Qarabağın, Naxçıvanın və Sovet Federasiyasına açıq-aydın meyl edən ərazilərin ona verilməsi təklifi ilə razılaşdı (1920-ci ilin iyununda), eyni zamanda daşnak qoşunlarının başçılarına məxfi əmr verdi ki, adları çəkilən ərazilərdə partizan əməliyyatlarına başlasınlar. Bu əməliyyatlar 1920-ci ilin sentyabrında başlandı. Eyni zamanda ingilislərdən silah almış daşnaklar Kars vilayətini və İrəvan quberniyasının hər yerində müsəlman əhalinin kütləvi qırğınını törətdilər. Şuragöl, Şərur-Dərələyəz, Kaqızman, Sürməli, Karakurt, Sarıqamış rayonlarını yandırıb külə döndərdilər: “beləliklə özlərinin arxa cəbhəsini təmin edərək” Maku sərdarının köməyinə arxayın olub Oltuya və Kaqızmana hücuma keçdilər…
1920-ci ilin dekabrında (Ermənistanda) Sovet hakimiyyəti quruldu. 1921-ci il Rusiya-Türkiyə müqaviləsi Aleksendropol müqaviləsini ləğv etdi, Ermənistanla Türkiyə arasındakı sərhədi indiki xətlər şəklində müəyyənləşdirdi.
Həmin andan – erməni xalqının yeni dövlət quruluşu yaranmasından bəri erməni məsələsinin aradan qalxdığını hesab etmək olar. Düzdür, Ermənistanın sovetləşməsindən sonra Qərbi Avropa imperialistləri Lozanna konfransında erməni məsələsi ilə möhtəkirlik etməyə daha bir cəhd göstərdilər – “Erməni ocağı” yaratmaq, “milli azlıqlar”ın müdafiəsi üçün Millətlər Birliyinin nəzarəti altında Konstantinopolda xüsusi orqan təsis etmək layihəsi irəli sürüldü; lakin bu, yalnız və yalnız Türkiyə nümayəndə heyətinin Mosul məsələsində güzəştə getməyə məcbur etmək məqsədi güddüyü üçün lazımi güzəştlər edilən kimi, layihə aradan götürüldü…
Ermənilərə yeganə real köməyi Sovet Rusiyası göstərdi. 1923-cü ilin yanvarın 27-də Çiçerin yoldaş Lozanna konfransına bildirdi ki, Rusiya və Ukrayna hökumətləri xaricdəki erməni qaçqınların böyük bir hissəsini öz ərazilərində yerləşdirmək niyyətindədir. Bu zaman Çiçerin yoldaş tamamilə haqlı olaraq göstərdi ki, Sovet nümayəndə heyəti Erməni məsələsinin müzakirəsində iştirak etməkdən uzaqlaşdırıldığına görə həmin məsələ lazımi şəkildə həll oluna bilməzdi. Çiçerin yoldaşın məktubu xaricdəki erməni dairələlərində hədsiz dərəcədə güclü əks-səda doğurdu: bir sıra xeyriyyə cəmiyyətləri, partiyalar sovet hökumətinə minnətdarlıqlarını bildirdilər, həmçinin Rusiyanın təklifinin həyata keçirilməsinə dair planları haqqında məlumat verdilər.
“Böyük Ermənistan” proqramının tamamilə, həmişəlik süquta uğraması, indi Sovet Ermənistanında aparılan çox böyük təsərrüfat və mədəniyyət işləri “diaspor”dakı erməni siyasi partiyaları arasında qəti dönüş yaratdı. Erməni burjuaziyası və ziyalıları partiyası – liberal demokratlar (ramkavarlar) indi Sovet Ermənistanına mehriban münasibət bəsləyirlər. Onların Ermənistana göndərdikləri “kəşfiyyatçılar” Sovet hakimiyyətinin dinc quruculuq işləri ilə tanış olmuş, nəticədə ramkavarların mətbuatında Sovet ölkəsinə böyük rəğbətlə yazılan materiallar verilmişdir. Hətta millətçi Qnçaq partiyası da bu cür mövqe tutmuşdur.
Əvvəlki kimi Sovet Ermənistanına hədsiz nifrət bəsləyən yeganə partiya Daşnaksutyundur. O, yenə də silahlı müdaxiləni, ölkənin daxilində partizan müharibəsi aparmağı və üsyan qaldırmağı təbliğ edir, halbuki bu istiqamətdə göstərilən son cəhd yəni 1921-ci ilin fevralında Vratsyanın əksinqilabi çevrilişi tam uğursuzluqla nəticələnmiş, ölkədə qısa, lakin qanlı vətəndaş müharibəsi doğurmuşdu. İndi Daşnaksutyün partiyası mənəvi cəhətdən çürüməkdədir, hətta mühacir kütlələr arasında nüfuzunu itirir – hazırda qaçqınların Sovet Ermənistanına köçürülməsi üçün Avropada və Amerikada yığılan (əsas etibarilə daşnaksakanların Qırmızı Xaç Cəmiyyəti tərəfindən) vəsaiti mənimsəmək hesabına dolanır. Yeri gəlmişkən erməni mühacirləri arasında ən vicdanlıları özlərinin əvvəlki istiqamətini dəyişir və keçmişdən əl çəkərək, təqsirlərini boyunlarına alıb Vətənə qayıdırlar.
Sovet çevrilişindən sonra Daşnaksutyün şübhəsiz tam ölümə məhkumdur və bu ölümlə Erməni məsələsinin tarixində yeni səhifə açılır.
V.QURKO – KRYAJİN
1926-cı ildə Moskvada “Böyük Sovet Ensiklopediyası” səhmdarlar cəmiyyətinin buraxdığı Böyük Sovet Ensiklopediyasından tərcümə edilmişdir.