Bu gün İspaniyanın Barselona şəhərində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
“Azerbaijani Society in Barcelona”nın (ASB) təşkilatçılığı ilə həyata keçirilən tədbirin əvvəlində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ASB sədri Kərim Kərimov 20 Yanvar hadisələri haqqında danışaraq, müasir tariximizin şanlı səhifəsi olan 20 Yanvarın heç vaxt unudulmayacağını, vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu, nəsillər bir-birini əvəz etdikcə, yeni Azərbaycan gəncliyi formalaşdıqca bu faciənin daha çox xatırlanmalı, yad edilməli olmasının əhəmiyyətini qeyd edib.
Daha sonra tədbirdə iştirak edən Barselona Vəkillər Kollegiyasının üzvü Xavier Medina Ortiz, tədbir iştirakçılarından həmçinin Çiçək Zalova və Nizami Namazov da çıxış etmişlər.
Anım mərasimində 20 Yanvar faciəsinə həsr olunan video çarx nümayiş etdirilib.