İspaniyanın Barselona şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Justicia para Jodyali” adlı anım mərasimi keçirilib.
“Azerbaijani Society in Barcelona”nın (ASB) təşkilatçılığı və AR Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən mərasimdə Türkiyənin Barselonadakı baş konsulu, Azərbaycan icmasının nümayəndələri və ölkəmizin xarici dostları iştirak ediblər.
Tədbirdə çıxış edən ASB üzvü Cavid Məmmədov Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib, XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciələrindən biri olan Xocalı faciəsinin təkcə azərbaycanlılara deyil, əslində bütün insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu, ermənilər tərəfindən bir gecədə 613 günahsız insanın amansızlıqla qətlə yetirildiyini qeyd edib.
Daha sonra çıxış edən Türkiyənin Barselonadakı baş konsulu Güçlü Kalafat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, Azərbaycanın torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin düşdüyünü bildirib. O, beynəlxalq hüququn əsas prinsip və normalarını kobud şəkildə pozaraq bu cinayəti törədənlərin cəzalandırılmasının vacibliyini vurğulayıb.
Sonda çıxış edən ASB sədri Kərim Kərimov Azərbaycan üçün kədərli bir gündə Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildirmək məqsədilə tədbirə qatılan Barselonadakı azərbaycanlılara və ölkəmizin xarici dostlarına ASB adından təşəkkürünü bildirib.
Çıxışlardan sonra “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış, müxtəlif dillərdə Xocalı soyqırımı ilə bağlı faktları özündə əks etdirən qısametrajlı film nümayiş etdirilib.
Mərasim zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair və Xocalı soyqırımının dəhşətlərini əks etdirən kitab, jurnal, habelə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dərc olunmuş məlumat kitabçaları, broşürlər və posterlər tədbir iştirakçılarına təqdim edilib.