28 May–Respublika Günü münasibətilə Barselonada tədbir təşkil edilib.

28 May–Respublika Günü münasibətilə Barselonada tədbir təşkil edilib.

“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” tərəfindən 28 May–Respublika Günü münasibətilə Barselonada tədbir təşkil edilib.
Tədbirdə əvvəlcə Azərbaycan dövlət himni səslənib, daha sonra tədbiri giriş sözü ilə açan “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri Kərim Kərimov 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, mövcud olduğu qısa müddət ərzindəki fəaliyyətindən danışıb. Onu da qeyd edib ki, demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
Daha sonra tədbir iştirakçıları çay süfrəsinə dəvət olunub.
Xatırladaq ki, 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.