May ayının 19-da Madriddə İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıların əlaqələndirmə şuralarının təsis yığıncağı keçirilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, İspaniyada və Portuqaliyada yaşayan həmvətənlərimiz, diaspor təşkilatlarının fəalları iştirak ediblər.
İspaniyada yaşayan soydaşlarımız diaspora fəaliyyətinin mütəşəkkiliyini artırmaq üçün Koordinasiya Şurasının yaradılmasını məqbul sayıblar. Səsvermə yolu ilə İspaniya Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib.
“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin (ASB) sədri Kərim Kərimov İspaniya üzrə və Portuqaliyada yaşayan gənc fəalımız Orxan Abbasov isə Portuqaliya üzrə Koordinasiya Şurasının əlaqələndiriciləri seçiliblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mətbuata müsahibəsində diqqətə çatdırıb ki, Madriddə çox səmərəli görüş keçirilib. Nəticədə iki əlaqələndirmə şurası təsis edilib. Bu yeni qurumlar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə diasporların fəaliyyətinin səmərəsinin artırılmasına yönəlmiş layihələr, o cümlədən mədəni xarakterli layihələr həyata keçiriləcək. O qeyd edib ki, 2018-ci ilin iyul ayında Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bu fakt bir daha onu göstərir ki, Vətən uzaqda deyil, bizim yanımızdadır.