31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Barselonadakı “Azərbaycan Evi”ndə tədbir keçirilib.

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Barselonadakı “Azərbaycan Evi”ndə tədbir keçirilib.
Barselonada yaşayan azərbaycanlıların və ölkəmizin xarici dostlarının iştirak etdiyi tədbiri giriş nitqi ilə açan “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri Kərim Kərimov Bakı Soveti və daşnak erməni dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını, tarixin bütün dönəmlərində erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırıb.
Tədbir iştirakçılarından Çiçək Zalova 31 mart Soyqırımının tarixi haqqında geniş məlumat verərək azərbaycanlıların soyqırımının Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilməsinin və bu ərazilərdə dinc əhalinin kütləvi surətdə qətlə yetirilməsinin, kəndlərin yandırılmasının, milli mədəniyyət abidələrinin dağıdılıb məhv edilməsinin və nəhayət 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini qeyd edib.
Tədbirdə iştirak edən Barselona Vəkillər Kollegiyasının üzvü Xavier Medina Ortiz bu soyqırımın ümumilikdə bütün insanlıq əleyhinə edilmiş bir hadisə olduğunu və gələn il bu soyqırımın 100 illiyində nəhayət beynəlxalq müstəvidə öz ədalətli həllinin tapılmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, 31 mart soyqırımı qurbanlarının xatirəsi əziz tutularaq bu gün Barselonadakı “Azərbaycan Evi”nin şəkil guşəsi məhz bu soyqırımla əlaqədar şəkillərlə əvəzlənib və gün ərzində şəhər sakinlərinin baxması üçün açıq olub.